Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək
Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək. Məcəlləyə yeni “Vətənə xəyanət” maddəsi daxil ediləcək. SİA xəbər verir ki, bununla əlaqədar hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurası qərar qəbul edib.
Partiyanın icraçı katibi Mamuka Mdinaradze b deyib ki, “Vətənə xəyanət” maddəsi 2007-ci ildə “Vahid Milli Hərəkat” partiyası tərəfindən hələlik məlum olmayan səbəblər üzündən Cinayət Məcəlləsindən çıxarılıb.
Onun sözlərinə görə, parlament çoxluğu bu məsələni müzakirə edib və bu maddənin Məcəlləyə bərpa edilməsi məqsədəuyğun hesab olunub.
M.Mdinaradze deyib ki, bərpa olunan maddə ölkədə vətənə xəyanətin dəqiq fəlsəfəsini, elementlərini, obyekt və subyektini müəyyən edəcək, bu cür ağır cinayətlərin qarşısının alınmasında, cinayətkarların cəzalandırılmasının konkret qaydalarını müəyyən edəcək.
Layihə yaxın günlərdə parlamentə təqdim olunacaq.