Sosial

“Əgər lazımi miqdarda su içilməsə,…”


“Son dövrlərdə insanlar arıqlamaq üçün bəzən sağlam qidalanmağa yeniliklər gətirmək üçün müxtəlif toxumlardan istifadə edirlər. Lakin, diqqətdə olmaq lazımdır ki, toxumların tərkibində çox miqdarda makro və mikro elementlər var”. Bu sözləri SİA– ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, fərqli maddələr var ki, hər bir insanın da orqanizminin həmin maddələrə qarşı həssalığı, allergiyası ola bilər və yaxud o maddələrin qəbulunda həzm problemləri ilə üzləşə bilərlər: “Ona görə bu məqamlara peşəkarlardan dəstək alaraq məhz öz orqanizmini tanıyaraq başlamaq lazımdır. Son dövrlərdə ən çox üz tutulan toxumlardan biri də çia toxumudur ki, çia toxumunu qəbul etməyə başlayarkən yaxşı olar ki, birdən-birə çox miqdarda deyil, yarım və ya 1 çay qaşığı miqdarında başlanılsın. Suda, qatıqda və yaxud hər hansı bir mayedə isladılaraq onu daha çox yeyilə bilən hala gətirmək olar. Bəzən müxtəlif meyvə şirələrindən, qatıqdan da istifadə edirlər ki, buda onun şişməsinə, jelatin tərkibinin yaranmasına gətirib çıxardır. Nəticədə toxum daha asanlıqla həzm olunur və daha yeyilə bilən olur. Bəzən insanlar, xüsusilə qəbizlik problemi olan insanlar çia toxumunu bu problemi aradan qaldırmaq üçün istifadə edir. Bu zaman əksinə bəzən qəbizliklə üzləşirlər. Diqqət edilməlidir ki, çia toxumunu qəbul edən gün orqanizmə lazım olan miqdarda su içilməlidir. Çünki, çia toxumunu qəbul edərkən orqanizm daha çox su tələb edir. Əgər lazımi miqdarda su içilməsə, bu zaman ciddi qəbizlik ilə qarşılaşmaq olar. Eyni zamanda qəbul miqdarını yavaş-yavaş artırmaq lazımdır. Çünki tərkibindəki liflər orqanizm öyrəşmədiyi halda şişkinliyə, qaza və köpə gətirib çıxara bilər. Artıq normanı qəbul etdikdən sonra həftədə 1-2 dəfə olmaqla 15 qramdan 30 qrama qədər istifadə edilməlidir. Bu da təxmini 1-2 yemək qaşığı miqdarındadır. Həzm problemi olan insanlar çia toxumundan çox miqdarda istifadə etməməlidir. Əgər mədə-bağırsaq, şişkinlik, qaz, qəbizlikdən əziyyət çəkənlər varsa, bu məsələdə də diqqətli olmalıdırlar. Həddindən artıq çox çia toxumunu qəbul etmək bəzən qan dövranının sürətlənməsinə qanaxmaya və yaxud da qan laxtalanması problemlərinə gətirib çıxarda bilər ki, bunlara da diqqət etmək lazımdır. Eyni zamanda allergiyası olan insanlar da mütləq diqqətli olmalıdır. Bəzən olur ki, hamilə və süd verən qadınlar tez bir zamanda aldıqları çəkini vermək üçün çia toxumuna üz tuturlar ki, bunu da nəzərə almaq lazımdır.

Çia toxumunun tərkibində “Omeqa 3” yüksək miqdarda olduğuna görə həmin dövrdə qəbul olunan artıq miqdarda “Omeqa 3” orqanizmə zərər verə bilər. Bu səbəbdən diqqət edilməlidir. Əgər böyrəkdə hər hansı bir problem varsa, buna da diqqət etmək lazımdır. Çünki, tərkibində fosfor miqdarı çoxdur və fosforu çox qəbul edəndə böyrək xəstəliklərinin daha da kəskinləşməsinə gətirib çıxarda bilər. Qanda şəkər problemi olan insanlar çia toxumunu qəbul edərkən nəzərə almalıdır ki, çia toxumu şəkər xəstələrinə həm yaxşı, həm də pis təsir göstərə bilər. Əgər dərman istifadə etməyən şəkər xəstəsidirsə, qida ilə tənzimləyə bilirsə, bu zaman qanda şəkər səviyyəsini normada saxlayıb aşağı düşməsinə səbəb ola bilər. Ancaq dərman qəbul edirlərsə, bu zaman əks təsiri ola bilər ki, ona görə də diqqətli olmaq vacibdir. Ümumiyyətlə nəzərə alaq ki, gündəlik istehlak edəcəyimiz qidalardan, fərqli qidalar, xüsusilə toxumlar, bitkilərdən istifadə ediriksə, bunu peşəkarlardan, həkimlərdən, mütəxəssislərdən məsləhət alaraq istifadə etməliyik. Əks halda sağlamlığımız üçün ciddi problemlərə səbəb ola bilər”.

Müəllif: Qumral Bahadırqızı