Azərbaycanda fiskal dayanıqlılıq aktualdır
Azərbaycanda təbii resursların idarə olunması baxımından fiskal dayanıqlıq və borc dayanıqsızlığı problemi aktualdır. SİA xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Auditorlar Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, akademik müstəvidə fiskal dayanıqlığın altı, hətta son dövrlərdə yeddi forması müəyyən edilib.
Borc dayanıqsızlığının qarşısını almaq üçün fiskal intizamın vacibliyini vurğulayan Z.Vəliyev, bunun üçün güclü fiskal institutların mövcud olmasının önəmini qeyd edib: “Son 11 ildə hesabatlıq, audit və analitik fəaliyyətlərdə fiskal intizam əsas prinsip kimi vurğulanır. Ölkədə ortamüddətli xərclər çərçivəsi, büdcə qaydaları, fəaliyyət büdcəsi və borcun idarə olunması strategiyası kimi institut və mexanizmlər formalaşıb. 2016-cı ildən etibarən bu sahədə islahatlar həyata keçirilir və peşəkar yanaşma tətbiq olunur”.
O əlavə edib ki, fiskal qaydalarla bağlı təkliflər irəli sürülüb, koronavirus (COVID-19) pandemiyası dövründə bu qaydaların müvəqqəti dayandırılmasının zəruriliyi vurğulanıb.
Z. Vəliyev strateji planlaşdırmanın dövlət maliyyəsinin idarə olunmasında yeni bir çağırış olduğunu bildirib. Onun sözlərinə görə, hökumət bu istiqamətdə ciddi addımlar atır, strateji planlaşdırma dövlət proqramlarının əsasıdır: “Strateji planlaşdırma həm də auditin əsas hədəfidir. Biz bunu Azərbaycan metodologiyası əsasında tətbiq edirik. Parlament hesabatlarını performans indikatorları üzərindən təqdim edirik, fəaliyyət hesabatlarının illik əməliyyat formalarının nəticələrini parlament üzvlərinə məruzə edirik. Audit prosesində strateji yanaşmanı əsas götürürük və iki büdcə modeli – aşağıdan yuxarı və yuxarıdan aşağı (“Top-Down Budgeting”) sistemlərini tətbiq edirik. Hazırda ölkəmiz “Top-Down Budgeting” modelinə keçid edir”, – deyə o qeyd edib.
O, Azərbaycanda bir sıra dövlət qurumlarının fəaliyyətində boşluqların olduğunu və bunun performans təfəkkürünün olmamasından qaynaqlandığını vurğulayıb.
Performans auditinin əsas məqsədinin dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək olduğunu bildirən şöbə müdiri, bu sahədə İNTOSAI metodologiyasına uyğun keyfiyyətə nəzarət sisteminin tətbiq olunduğunu əlavə edib.
Z. Vəliyev dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Açıq Büdcə İndeksi üzrə dünyada maksimal bal alan üç ölkədən biridir. Bundan əlavə, Dünya Bankının müstəqillik indeksində Azərbaycan ikinci yeri tutur.
“Dövlət maliyyəsini idarəetmə sahəsində 64 diaqnostik alət mövcuddur və bu təşəbbüs Azərbaycanın payına düşür. Bu alətlərin tədrisə daxil edilməsi tövsiyə olunur ki, diaqnostik yanaşma inkişaf etsin. Pakistan da bizim maliyyə sahəsindəki fəaliyyətimizə yüksək qiymət verib və bu, beynəlxalq səviyyədə uğurumuzun göstəricisidir”, – deyə o bildirib.