Bakıda Beynəlxalq Demokratlar Birliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. İftar süfrəsində “Qurani-Kərim”dən ayələr səsləndirilib, şəhidlərimizə Allahdan rəhmət dilənib. SİA-nın verdiyi məlumata görə, iftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın ictimai-siyasi xadimləri, həmçinin qazilər və şəhid ailələri, eləcə də tələbələr iştirak ediblər. Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada yaradılıb. Hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə fəaliyyətini davam etdirir.
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi olduğunu söyləyib. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını hər zaman nümayiş etdiriblər.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində prinsipial siyasət həyata keçirib, nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını diləyib.
TBMM-in deputatı Şamil Ayrım deyib ki, Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 28 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.
Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il iyunun 15-dək Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə qaldırılıb. Bununla da Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar.
Vurğulanıb ki, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birinə qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdirirlər.
Digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyindən danışıblar.