Sosial

Cəbrayılda əmək yarmarkası keçirilib


Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün əmək yarmarkalarını davam etdirir.

SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, növbəti əmək yarmarkası Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında təşkil edilib. Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarka SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə birgə təşkil olunub.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə vakansiyalar təqdim edilib.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.