İqtisadiyyat

Dövlət Gömrük Komitəsi biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq


Dövlət Gömrük Komitəsinin (DGK) 2025-2030-cu illəri əhatə edən “Gömrük İNKİŞAF modeli”ndə rəqəmsallşma və texnoloji innovasiyaların tətbiqi əsasında səmərəli gömrük nəzarətinin təşkili vasitəsilə iqtisadi və milli təhlükəsizliyin qorunması gələcəyə baxış kimi müəyyən edilib. SİA xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda keçirilən konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov deyib.

Onun sözlərinə görə, xüsusilə “Elektron Hesablaşma Sistemi”, “Optimallaşdırılmış Risk Analiz Sistemi” və “Səlahiyyətli İqtisadi Operatorlar” kimi layihələr biznes subyektləri üçün daha əlverişli şərait yaradacaq.

“Bu sistemlər gömrük ödənişlərinin şəffaflığını artırmaqla yanaşı, risklərin idarə edilməsini optimallaşdırır və ticarət dövriyyəsinin sürətlənməsinə imkan yaradır. Ümumilikdə isə ötən il ərzində DGK tərəfindən elektron hesab səhifəsi, avtomatlaşdırılmış məcburi qərarlar sistemi və digər layihələr hazırlanaraq biznes subyektlərinin istifadəsinə təqdim edilib. DGK tərəfindən toplanan gömrük ödənişlərinin ÜDM-dəki payı 5,3 faiz təşkil edib. Bu göstərici 2014-cü ildə 2,6 faiz idi. Ötən il ərzində gömrük yığımlarının məbləği 6 milyard 648 milyon manata çatıb ki, bu da proqnoz göstəricisini 3,3 faiz üstələyib”, -deyə Natiq Şirinov vurğulayıb.