Siyasət

“Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər”


“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bombalarla əlaqəsi yoxdur, bu təşkilat sülh naminə nüvə enerjisi istifadəsini təmin edir. Burada isə elm və texnologiya mühüm rol oynayır. Düşünürəm ki, alimlərin və siyasətçilərin bir masada oturması düzgün olardı”.

SİA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” adlı panel iclasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar deyib.

O, BMT-nin əsasən beynəlxalq münaqişələrlə məşğul olduğunu qeyd edərək, ekoloji problemlərin daha mühüm sayılmasının vacibliyini vurğulayıb: “Bizim Agentlik Afrika İttifaqı ilə bərabər xəstəliklərlə mübarizədə çalışır. Müxtəlif həşəratlardan qaynaqlanan xəstəlikləri araşdırırıq. Yəni, biz təşkilat olaraq daha çox elmə yönəlirik. Bu isə o deməkdir ki, elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər”, – deyə o, əlavə edib.