Dünya

Qazaxıstan OPEC+ sazişinə sadiq olduğunu bəyan edib


Qazaxıstan Respublikasının Energetika Nazirliyi bir sıra xarici medianın nəşrlərinə cavab olaraq, OPEC+ sazişinə tam sadiq olduğunu bəyan edir və öhdəliklərin yerinə yetirilməsi, o cümlədən müəyyən edilmiş kvotadan artıq hasil edilən həcmlərin kompensasiyası üzrə məqsədyönlü işi davam etdirir. SİA Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, cari ilin fevral ayında kvotaların artırılması Tengiz yatağında gələcək artım layihəsi çərçivəsində texnoloji proseslərlə şərtləndirilib. Bu layihə uzunmüddətli xarakter daşıyır və enerji resurslarının sabit təchizatını təmin etmək, eləcə də ortamüddətli öhdəlikləri yerinə yetirmək məqsədi daşıyır.

Qeyd olunur ki, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ölkənin ən iri səhmdarları və yerin təki istifadəçiləri ilə danışıqlar aparıb. Müzakirələr zamanı OPEC+ sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi qrafiki təsdiq edilib, müəyyən edilmiş kvotalardan artıq hasil edilən həcmin kompensasiyası üzrə tədbirlər razılaşdırılıb.

Qazaxıstan hasilatın müvəqqəti artımını kompensasiya etmək üçün lazımi tədbirlər görüb. Yaxın perspektivdə həcmlər müəyyən edilmiş limitlərə tam uyğun olacaq şəkildə tənzimlənəcək.

“Qazaxıstanın payına qlobal neft hasilatının cəmi 1,5 faizi, OPEC+ daxilində isə təxminən 3 faizi düşür. Bu göstəricilər nümayiş edir ki, Qazaxıstan qlobal tələbat və təklif balansına kritik təsir göstərmir, lakin buna baxmayaraq, o, etibarlı tərəfdaş olaraq qalır və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir”, – deyə məlumatda bildirilir.