Sosial

“Tonqal üzərindən tullanan şəxlər bir-birini gözləməlidir”


“Novruz bayramında Novruz şənliklərinin keçirildiyi məkanlarda, insanların cəmləşdiyi məkanlarda mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır”. Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, birinci növbədə tonqal qalanarkən onun yerini doğru-düzgün seçmək lazımdır: “Tonqal nəqliyyat sahələrindən, yaşayış və qeyri-yaşayış sahələrindən, elektrik dirəklərindən, yanma qabiliyyəti yüksək olan materiallardan minimum 15 metr məsafədə olmalıdır. Tonqal asfalt örtüyün üzərində deyil, metal örtüyün üzərində qalanmalıdır. Tədbir bitdikdən sonra mütləq odun tam söndüyünə əmin olduqda ərazi tərk edilməlidir.

Əlverişsiz hava şəraitində tonqalın qalanması məqsədəuyğun deyil. Çünki külək yanan köz parçalarını ətrafa səpələyə bilər. Bu da yanğın təhlükəsizliyini yaradan amillərdir. Daha sonra tonqaldan atlanarkən bunu da növbəlilik prinsipi əsasında həyata keçirmək lazımdır. Mütləq tonqal üzərindən tullanan şəxlər bir-birini gözləməlidir.

Həmçinin geyimə də diqqət etmək lazımdır. İnsanların cəmləşdiyi yerlərdə fişənglər, partlayıcı vasitələrdən istifadə etmək yolverilməzdir. Daha sonra tonqala rezin, təkər kimi toksik vasitələrin atılması yolverilməzdir. Bəzən əyləncə vasitəsi kimi istifadə olunur. Lakin bu, insanların səhhətinə zərər verə bilər. Şüşə kimi partlama qabiliyyətli vasitələrin atılması insanların xəsarət almasına səbəb ola bilər. İnsanların xəsarət almaması üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmək vacibdir”.

Müəllif: Samirə Hüseynova