Ceyhun Bayramov Rebeka Qrinspa ilə görüşüb
Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebeka Qrinspa ilə görüşüb.
SİA-nın məlumatına görə, XİN-dən bildirilib ki, görüşdə Azərbaycan və BMT əməkdaşlığının müxtəlif aspektləri və perspektivləri, mina təhlükəsi ilə mübarizə səylərində qarşılıqlı fəaliyyət imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və tədbirin təşkil olunması üzrə BMT ilə əməkdaşlığımızın nümunəvi xarakter daşıdığını, bundan sonra da bu dinamikanın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Ceyhun Bayramov ölkəmizin donor dövlət kimi həyata keçirdiyi beynəlxalq yardım təşəbbüslərindən ətraflı bəhs edib, xüsusilə COVID-19 pandemiyası dövründə inkişaf etməkdə olan ölkələrin pandemiya ilə mübarizəsi, o cümlədən postpandemiya dövründə dəstəklənməsi üzrə bir sıra yardımlar həyata keçirdiyini diqqətə çatdırıb.
Qarşı tərəf, həmçinin COP29 çərçivəsində əldə olunan nailiyyətlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin müəyyən olunması, Paris Sazişinin karbon bazarlarını tənzimləyən 6-cı maddəsi üzrə razılığın əldə edilməsi, bununla yanaşı həyata keçirilən bir sıra təşəbbüslər barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.