Siyasət

Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının olması regional sabitlik üçün riskdir


Ermənistan ərazisində, Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının olması Cənubi Qafqaz regionunda sabitlik üçün ciddi risklər yaradır. SİA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunun kuluarlarında jurnalistlərə bildirib.

“Avropa İttifaqının missiyası artıq ikinci ildir ki, mülki missiya adı altında fəaliyyət göstərir, lakin əslində kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onun fəaliyyəti regionda sabitliyə ciddi risklər yaradır”, – o qeyd edib.

Nazir müavininin sözlərinə görə, Bakı və İrəvan artıq sülh sazişinin mətnini hətta təsdiqləsələr belə, Cənubi Qafqazda dinc yanaşı yaşamaq üçün bir sıra mühüm şərtlər var. Bu şərtlər arasında Ermənistanın hərbiləşdirilməsinin dayandırılması və üçüncü ölkələrin regiona müdaxilə etməməsi yer alır.

“Sülh sazişinin layihəsi üzərində iş uzun müddətdir aparılır və təxminən iki il idi ki, son iki bənd razılaşdırılmamış qalmışdı. Onlardan biri bilavasitə sərhəddə, o cümlədən şərti sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlı idi. Ermənistan bu şərti qəbul edib, deməli, biz düzgün istiqamətdə irəliləyirik. Lakin bütün şərtlərin yerinə yetirilməsi vacibdir – Ermənistanın silahlandırılması dayandırılmalı və sərhəddə üçüncü qüvvələr olmamalıdır”, – E.Məmmədov qeyd edib.

O, sülh sazişinin imzalanmasının ehtimal olunan tarixi və yeri ilə bağlı suala cavab olaraq qeyd edib ki, bu barədə danışmaq hələ tezdir.