“Biz ədalətli müharibə aparmışıq və həqiqət bizim tərəfimizdədir”
“Ötən 70 illik tarix dünyada yeni düzənin formalaşmasının vacibliyini diqtə edir. “Soyuq müharibə”dən sonra baş verən hadisələr prosesi bir az daha sürətləndirib. Necə deyərlər, dünya köhnə qanunlarla idarə edilə bilmir, yaxud bu günə qədər idarə olunanlar əvvəlki vəziyyətlə barışmaq istəmirlər. Çoxqütblü dünyanın yaranması gerçəkləşir, ABŞ-ın Avropa ilə əvvəlki dostluğu, SSRİ-nin varisi hesab edilən Rusiyanın və yeni güc mərkəzinə çevrilən Çinin mövqeyində köklü dəyişikliklərin baş verməsi yeni nizamın formalaşmasında başlıca rol oynayır. Ukraynanın ərazi bütövlüyünün pozulması, Yaxın Şərqdə beynəlxalq hüququn heçə sayılması bəzi sualları aktuallaşdırır. Bakıda keçirilən XII Qlobal Bakı Forumda da bu suallara cavab axtarıldı, müzakirələrdə maraqlı, yanaşmalar, mövqelər ortaya qoyuldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin ənənəvi qlobal düzənin yerini yeni çağırışlara verməsi, yeni siyasi şəraitə uyğun addımların atmalı olduğu barədə fikirləri diqqət çəkir: “Prezident İlham Əliyev həm XII Qlobal Bakı Forumda etdiyi çıxış zamanı, həm də tədbir çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə də qlobal dünya düzəni və Azərbaycanın bu prosesdəki yeri barədə daha ətraflı məlumat verdi. Prezidentin müsahibəsi beynəlxalq siyasət, yeni dünya düzəni və indiki vəziyyət, o cümlədən milli maraqlara uyğun addımların atılması baxımından çox əhəmiyyətlidir. Beynəlxalq hüququn selektiv tətbiqi və bir çox ölkələrin müxtəlif beynəlxalq qurumların fəaliyyətinə qarşı daha az arxalanmağa başlaması qlobal nizamın yenidən formalaşdırılması zərurətini ortaya qoyur. İlham Əliyev diqqəti geosiyasi arenada baş verən hadisələrə yönləndirərək münaqişələrin sayının artmaqda olduğunu söyləyib və xüsusi olaraq vurğulayıb ki, həllini tapmış münaqişə olaraq sadəcə, Qarabağı göstərmək olar. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Əlbəttə, bu, Azərbaycanın gücünü, iradəsini göstərir. Bu həll yolunu bütün dünya qəbul edir. Çünki, biz ədalətli müharibə aparmışıq və həqiqət bizim tərəfimizdədir. Buradan belə nəticə çıxara bilərik ki, Prezidentin də müsahibəsində vurğuladığı kimi, bu vəziyyətdə hər bir ölkə öz daxili imkanlarına və resurslarına daha çox güvənməli və beynəlxalq mübahisələrdə öz maraqlarını daha açıq və müstəqil şəkildə müdafiə etməlidir. Azərbaycan özünün daxili resursları və müstəqilliyi əsasında öz suverenliyini qorumaqla yanaşı, beynəlxalq hüququn qərəzli tətbiqinə qarşı mübarizə aparıb”.