Sosial

Gürcüstanla din sahəsində əlaqələr müzakirə olunub


Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 17-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

SİA-nın məlumatına görə, Komitədən bildiriblər ki, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi dərin ehtiramla anılıb.

Sonra nümayəndə heyətinin Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşü olub.

Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlıların milli-mənəvi, dini dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dini etiqad azadlığının təminatı istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Ölkəmizdə dövlət-din münasibətləri, mövcud tolerant və multikultural mühitdən danışan Komitə sədri Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətin bütün dini icmalara diqqət və qayğı göstərdiyini, vətəndaşların dini ibadətlərini sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb. Ramin Məmmədov qeyd edib ki, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər bütün məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradır.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ölkədə ənənəvi tolerant mühitin olduğunu, dövlətin dini qurumlara, o cümlədən müsəlman icmasına, dini ibadət yerlərinə dəstək göstərdiyini qeyd edib. Gürcüstanla Azərbaycan arasındakı dostluq münasibətlərinin, ikitərəfli əlaqələrin inkişafında dini qurumların əməkdaşlığının mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkənin regionda sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını bildirib. Yüksəksəviyyəli siyasi əlaqələrin sosial-iqtisadi, mədəni və dini sahədə birgə layihələrin uğurla həyata keçirilməsinə zəmin yaratdığını deyib.

Azərbaycan-Gürcüstanın parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qanunverici orqanların əməkdaşlığı haqqında məlumat verib. İki ölkənin parlamentlərinin qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi və beynəlxalq platformalarda birgə fəaliyyəti barədə faktları diqqətə çatdırıb.

Gürcüstan Patriarxlığı və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələrinin də iştirak etdiyi görüş zamanı din sahəsində əməkdaşlığın istiqamətləri, Gürcüstandakı müsəlman icması ilə Azərbaycandakı gürcü pravoslav icmasının qarşılıqlı əlaqələrinin və fəaliyyətinin perspektivləri müzakirə olunub, maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.