Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.
Vətəndaşların müraciətləri əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, əkin və məhsul subsidiyalarının ödənişi, icarəyə texnikanın ayrılması, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, suvarma suyu ilə təminat, təsərrüfatlara dəymiş zərərə görə sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.
Nazir məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Daha sonra M. Məmmədov aqrar inkişaf könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.
Nazirliyin yanında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.