Sosial

“Uşaqlıqda daha çox qaranlıq qorxusu özünü göstərir”


“Qorxular müxtəlif olur: Xüsusi qorxular və ümumi qorxular var”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloqun sözlərinə görə, bəzən uşaqlıqda daha çox eşitdiyimiz cümlə var, “qaranlıqdan qorxuram”: “Çünki uşaqlar qaranlığa gedəndə valideynləri onlara fərqli sözlər deyirlər. El arasında desək, “Xoxan çıxacaq, oraya getmə, qorxulu nəsə var, polis var” kimi sözlərdən istifadə edərək uşaqlarda qaranlığa qarşı xüsusi bir qorxu yaradıblar. Bu, əslində valideynin özünün qorxusudur ki, uşağa ötürülüb. Zaman keçdikcə, uşaqlar böyüdükcə də bu qorxular artmağa başlayır. Bəzən uşaqlıqda yox, bu qorxu yeniyetməlikdə də, daha böyük yaşlarda da ola bilir. Birdən-birə, hər hansı travmadan sonra da qorxu yarana bilir. Ümumiyyətlə, uşaqlıqda daha çox qaranlıq qorxusu özünü göstərir. Amma qorxular təkcə uşaqlarda deyil, həm də böyüklərdə ola bilir.

Travmaya bağlı ola bilir, qaranlıqla bağlı hər hansı bir hadisəni eşidəndə də, qorxulu filmdən sonra, qaranlıqda nəsə görübsə, bununla da əlaqəli ola bilər. Əslində qorxularla bağlı işləmək üçün birinci növbədə qorxuları təyin etmək lazımdır. Bunu ya psixoloq, ya da psixiatr təyin edə bilir. Qorxuların xüsusiyyətini tapmaq, müəyyənləşdirmək lazımdır. Ondan sonra artıq ona yanaşma vermək olar ki, hansı qorxudur, onunla psixoloq, ya nevropatoloq, ya da psixiatr işləyəcək”.