“Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılması artıq xülya deyil”
“Zəngəzur dəhlizi artıq gündəmdə öz yerini alıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bəlli olan odur ki, Ermənistan bu məsələyə sabotaj siyasəti ilə yanaşmasından asılı olmayaraq bu dəhliz açılacaq: “Onun açılma ehtimalı gündən-günə yüksəlir. Bu baxımdan da biz bu yaxınlarda eşitdik ki, Türkiyə artıq Zəngəzur dəhlizi ilə bağlı hazırlıq işlərinə başlayıb. Azərbaycan tərəfi öz yerində, lazımi kommunikasiyaları çəkmişik və bütün keçidlərlə bağlı aydın təsəvvürlərimiz var. Türkiyənin də bu prosesdə yaxından iştirakı bir daha göstərir ki, Ermənistan bu məsələdə özünün inkarçılıq və imtina siyasətindən mütləq şəkildə əl çəkməlidir. Xüsusilə də, bu, Ermənistana heç bir təhlükə vəd etməyən layihədir. Çünki Avropa ilə Asiya arasında daha bir yerüstü keçid açılacaq. Onun bütün bölgə ölkələri üçün, o cümlədən də bölgədən kənarda yerləşən ölkələr üçün böyük xeyri var. Çünki qitələrarasında keçid, kommunikasiyaların olması yalnız imtiyazlar vəd edir. Bütün dünya həmişə çeşidlilik haqqında düşündüyü halda Ermənistan isə özünə qapanır. Digər tərəfdən bütün təşəbbüslərə “yox” deyir. Həm də öz zərərinə olaraq “yox” deyir. Burada Ermənistana heç bir təhlükə və risklər yoxdur. Ermənistan bir dövlət olaraq gərək öhdəliklərini boynundan atmasın.
İkinci Qarabağ müharibəsində Zəfər qazanmış Azərbaycan üçtərəfli bəyanatda 2020-ci 10 noyabrdan bəri bir çox məsələlərlə bağlı öz baxışlarını izah etdi. Ermənistan da öhdəlikləri götürdüyünü dedi. Zəngəzur dəhlizinin açılması da məhz o sənəddə təsbit olunub. Ona görə biz dəfələrlə, o cümlədən də dövlət başçısı Ermənistana bildirib ki, nə edirlərsə, etsinlər, öhdəliklərindən uzaq düşə bilməzlər. Əgər ölkə kimi öhdəliklərindən boyun qaçırırlarsa, deməli, ya subyektivlikləri natamamdır, ya da məsuliyyətsiz münasibət sərgiləyirlər. Ola bilsin ki, burada hər ikisi var. Ermənistanın subyektivliyi çox böyük şübhə altındadır. Bu o deməkdir ki, Ermənistanın əvəzinə qərarları digər qüvvələr qəbul edir. Ona görə də, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Türkiyə, Çin, Rusiya israrlıdır ki, bu prosesdə aydınlıq olmalıdır. İlk növbədə Ermənistan da artıq yaxasını kənara çəkməli deyil ki, vaxtında işlər təmin olunsun”.
“Zəngəzur dəhlizinin bu ilin sonuna qədər açılması artıq xülya deyil. Son günlər ərzində Ermənistan da sülh sazişimizin 17 bəndi ilə bağlı bildirdi ki, bütün bəndlər razılaşdırılıb, imzalamağa hazırıq. Bu o deməkdir ki, həm də Zəngəzur dəhlizi ilə bağlı daha bir aydınlıq göstəricisi meydana gəlib. Nə qədər bu proses tez öz həllini tapsa, bir o qədər də Ermənistan üçün də xeyir olacaq.
Biz isə proqmatik siyasət həyata keçirən məmləkət kimi yaxşı bilirik ki, üstünlüklər nədən ibarətdir. Həm də bu prosesdə Azərbaycan təkcə öz xeyrinə deyil, həm də qonşuların, o cümlədən Ermənistanın xeyrinə çalışır. Ona görə də, Fransa Ermənistanı nə qədər inkarçılığında dəstəkləsə də, bunun xeyri olmayacaq. Zəngəzur dəhlizinin ən yaxında açılmasının hamımız şahidi olacağıq” – deyə o, əlavə edib.