Sosial

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar


Yurdumuza allı-güllü bahar gəlir, təbiət oyanır, insanların çöhrəsinə sevinc yayılır. Xalqımızın ən qədim bayramlarından biri olan Novruz ölkəmizin hər yerində olduğu kimi Ağdam rayonunda da yüksək əhvali-ruhiyyə ilə qeyd edilir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində keçirilən bayram tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunub, idmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilib. Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Çıxış edənlər tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın mənəvi dünyasında özünəməxsus yeri olduğundan bəhs ediblər.

Bayram tədbirində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbə heyətinin, Gülablı kənd Uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının çıxışı, həmçinin Kosa və Keçəlin hazırladıqları səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.