Sosial

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur


Xalqımızın qədim el bayramı Novruzun gəlişi Ağstafada geniş bayram tədbiri ilə qeyd edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir iştirakçıları Novruz atributları, milli ornamentlərlə bəzədilmiş əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Novruzun personajlarından olan Bahar qızın təbrikləri, Kosa və Keçəlin məzəli zarafatları tədbirə əlavə rəng qatıb. Xalqımızın milli adət-ənənələrini, mənəvi dəyərlərini ehtiva edən ədəbi-bədii kompozisiyalar, eləcə də idmanın müxtəlif növləri üzrə gənclərin nümunəvi çıxışları da nümayiş olunub.

Rayon sakinləri milli geyimli xanımların təqdim etdikləri bayram xonçalarındakı təamlardan dadıb, sacda bişirilən qutaba, fəsəliyə qonaq olublar. Mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı maraqla izlənilib.

Novruz tonqalı alovlandırılıb.

Daşkəsəndə də Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Minlərlə rayon sakininin iştirak etdiyi tədbirdə bayram tonqalı alovlandırılıb. Dədə Qorqud, Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. El sənəti və milli mətbəx nümunələri sərgilənib.

Bayram şənliyi el aşıqlarının, musiqiçilərin ifaları, rəqslər, idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramlar ilə davam edib.