Siyasət

“Dövlət başçısının ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir”


“Dövlət başçısının ailəsi ilə birlikdə işğaldan azad olunmuş bölgələrdə ilin bütün fəsillərində səfərləri əhəmiyyətlidir. Burada məskunlaşmaq istəyən insanlara bir mesajdır ki, bu yerlərdə yaşamağın heç bir təhlükəsi yoxdur. Əvvəlkindən də daha artıq təhlükəsiz mühitdə yaşamaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həmin bölgələrdə böyük bərpa və quruculuq işləri davam edir. Dövlət başçımız cənab Prezident İlham Əliyevin hər an bura yaxınlaşması və həmin ərazilərdə olması gedən bərpa-quruculuq işlərinin vüsətinə, keyfiyyətinə də xeyli dərəcədə təsir göstərir: “Bu dünyaya bir mesajdır ki, Azərbaycan işğaldan azad edilmiş öz ərazilərini sona qədər bərpa etmək və öz gücü ilə yaşamağın mümkün olduğu həddə gətirmək imkanındadır. Dünya təbii ki, bu mesajı almaqla Azərbaycan dövlətinin qüdrətini bir daha görür. Digər tərəfdən bu səfərlərin müəyyən əlamətdar günlərdə olmağının da özünə görə mənası var. Bəzən belə səfərlər həmin rayonların işğaldan azad olunduğu Azərbaycanın dövlət bayrağının qaldırıldığı günlərə, bəzən 44 günlük Vətən müharibəsinin əlamətdar tarixlərinə, bəzən də indiki kimi Novruz bayramı ərəfəsinə təsadüf edir.

Azad olunmuş ərazilərdə Novruz tonqalının dövlət başçısı tərəfindən yandırılması da bir ənənəyə çevrilib. Düşünürəm ki, bu da yaxşı və dolu məzmunlu mesajlara malik olan hadisədir. Novruz bayramı günlərində bayram tonqalının, bayramın azad olunmuş ərazilərdə keçirilməsi həm də Novruza Azərbaycan dövlətinin və xalqının nə qədər böyük önəm verməyinin əlamətidir. Novruz Azərbaycanın milli dəyəridir. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü, mədəniyyətimiz, tariximiz, dilimiz və dinimiz qədər Novruz adət-ənənəsi də bizim milli bir dəyərdir və milli dəyərə hər kəsin hörmət etməli olduğunu hər kəs hər addımda nümayiş etdirməlidir ki, bunun ən yaxşı nümunəsini cənab Prezidentimiz verir. Novruz bir vaxtlar Dünya Azərbaycanlılarının, bütün türk dünyasının bu bayrama müqəddəs baxanların, eyni bir bayraq altında toparlanmasına şərait yaradan və təsir edən ən güclü ideoloji silah idi. Bir vaxtlar Azərbaycan müstəqil olmayanda, hələ Sovet imperiyasının tərkibində olanda, dünyanın müxtəlif ölkələrinə səpələnmiş insanların Azərbaycan adında bir dövlətini görmədikləri bir vaxtlarda, qürbət ellərdə insanları bir yerə toparlayan ideyalardan biri məhz Novruz bayramı idi. Novruz tonqalı, Novruz ideyası və ideologiyası Azərbaycan türklərinin tarixən bir yerə toparlanması və bir hədəfə yönəlməsinin ən təsirli silahı olub”.