Estetik prosedurlar: gözəllik, yoxsa təhlükə?
“Estetik əməliyyatlar artdıqca əməliyyatların nəticələrindən olan şikayətlərin sayı da artır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, ölkə mediasında hər gün bir həkimlə bağlı narazılıq yayılır: “Qanunsuz fəaliyyət göstərən klinikalar, təhsilsiz həkimlər barədə isə ciddi ölçü götürülmür. Beləcə, təhsilsiz “həkim”lər insan sağlamlığına zərər vurmaqla saysız-hesabsız estetik müdaxilələr edir, problem yarananda isə heç bir məsuliyyət daşımırlar. Estetik əməliyyata olan həvəs gözəllikdən çox təhlükəli nəticələrə səbəb olduğu halda qadınlar bu asılılıqdan qurtula bilmir.
Sosioloq Lalə Mehralı deyib ki, zaman gözəllik anlayışlarını, kriteriyalarını dəyişdi: “Əvvəllər spesifik gözəllik anlayışı var idi, hər qıza, qadına xas xüsusi özəlliklər vardı. Bir qadının kaman qaşları, qönçə dodaqları vəsf olunurdu, başqa bir qadının yumru yanaqları, sivri çənəsi və.s. Yəni, gözəllik fərddən-fərdə dəyişən anlayış idi. Amma indi gözəllik anlayışı standartlaşıb. Trend və moda anlayışı özünü ən çox estetik əməliyyatlarda göstərir. Bir gün ətli dodaqların dəb olduğu deyilir və insanlar dodaqlarına naməlum mənşəli maddələri tətbiq etdirir, başqa bir gün itilənmiş çənələrin dəbdə olduğu deyilir və insanlar çənələrini həqiqi mənada yondururlar, qaşlarını asdırırlar, gözlərini çəkdirirlər.
Bunun səbəbi isə gözəllik anlayışının diqtə edilməsidir. Spesifik gözəlliyi olan qızlar, demək olar ki, yox dərəcəsindədir. Bir qızdan danışanda onun burnunun, çənəsinin, qaşlarının və ya dodağının özünün olub- olmaması insanı şübhəyə salır. Bəzən də dəqiqliklə kimin estetikli olması ilə bağlı bilmək olur. Ona görə də hazırda bu axın ki var, bu artıq gözəllikdən uzaqlaşıb, təhlükəyə doğru irəliləyir. Bu gözəllik deyil, insanlara diqtə edilən üz quruluşu, yanaq, çənə, burun, dodaq quruluşudur. Necə ki, geyim dəbi ilə insanları idarə edirlər, nə istəyirlər onu geyindirirlər, eləcə də bu estetik əməliyyatlarla insanların görünüşünü istədikləri kimi idarə edə bilirlər. Hər kəs artıq bir- birinə bənzəməyə başlayıb. Hər 3 qadından 2-si bir-birinin eynidir.
Vəziyyətin başqa təhlükəli tərəfi də estetik əməliyyatların tibbi təhsili olmayan insanlar tərəfindən həyata keçirilməsinin olduğunu deyən müsahibimiz deyir ki, heç bir tibbi təhsili olmayan, tibb universitetini bitirməyən, peşəkar olmayan insanlar özünü rahatlıqla həkim kimi təqdim edə bilir: “Bu insanlara imkan yaradılır, hansısa qüvvələr tərəfindən himayə edilir və o da istədiyi formada insanları kəsib, tikə bilir. Bununla bağlı son zamanlarda araşdırmalar da göstərir ki, insanların həkim bilib bədəninə müdaxilə etməsinə icazə verdiyi adamların nə tibbi diploma var, nə də təhsili. Bütün bunlara rəğmən insanlar təhlükənin böyüklüyünü hələ də dərk edə bilmirlər. Bu estetik müdaxilə də , cərrahi əməliyyat da ola bilər, hər hansı bir maddənin bədənə yeridilməsi də ola bilər, fərqi yoxdur. Bizdə bununla bağlı ciddi özbaşınalıqdır və hər gün bir qadın estetik əməliyyatın qurbanı olur. İnsanlar bir gün liposaksiyadan, digər gün burun əməliyyatından vəfat edir, dolğudan şoka düşürlər. Bu vəziyyət insanların estetik asılılığının və həkimlərin özbaşınalığın mənzərəsidir”.
Müəllif: Arzu İbaquliyeva