İqtisadiyyat

“Qadınların belə obyektlərə cəlb olunması narkotik asılılığı yaradır”


“Restoranlarda xanımlara qəlyanın pulsuz verilməsinin əsas məqsədi, onların bunu sosial mediada paylaşaraq daha çox müştəri cəlb etməsinə yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında marketoloq Bəylər Əlizadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə qadınların sosial mediada daha aktiv olduğunu müşahidə edirik: “Onlar daha çox post paylaşır, rəylər yazır və getdikləri məkanları izləyiciləri ilə bölüşürlər. Buna görə də qadın müştərilərin sayı artdıqca, həmin biznesin uğuru da artır.

Məsələn, əvvəllər konsertlərdə xanımlar çox iştirak etmirdi, xüsusən də uzaq məsafələrdə, dənizkənarlarında və gecə saatlarına qədər olan tədbirlərdə. Lakin, qadınlar iştirak etməyə başladıqdan sonra, konsert sahəsi böyüdü. Çünki onlar daha çox şəkil çəkdirir, paylaşır və dostlarını, tanışlarını da dəvət edirdilər. Buna görə də restoranlar və digər bizneslər bu cür kampaniyalara meyl edirlər. Çünki bilirlər ki, qadınlara qəlyan pulsuz verildikdə, onlar şəkil çəkdirəcək, bunu paylaşacaq və təbii ki, daha çox müştəri cəlb edəcəklər. Əksinə, kişilər getdikləri məkanları çox paylaşmır, çünki onların sosial mediada bu cür paylaşımlar etməsi o qədər də aktiv deyil”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bildirir ki, son vaxtlar belə halların sayı sürətlə artır, müxtəlif kafe və restoranlarda belə təkliflərlə çıxış edirlər: “Bu, iki tərəfdən çox ciddi problemdir. Birincisi, hüquqi baxımdan Azərbaycan qanunvericiliyinə görə tütün məmulatlarının reklamı qadağandır. Digər tərəfdən qəlyan tütün məmulatlarının içində ən zərərlisidir. Məsələn, siqaretdən 60 dəfə daha zərərlidir. İnsanlar bundan çəkindirilməlidir, xüsusilə də qadınlar və qızlar. Bu, açıq-aşkar qanun pozuntusudur. Belə obyektlər çox ağır şəkildə cəzalandırılmalıdır.

Həmçinin bu, mənəvi-əxlaqi bir böhrandır. Qızların, qadınların belə obyektlərə cəlb olunması, qəlyana öyrəşdirilməsi, narkotik asılılığı yaradır və sağlamlığa ağır zərbə vurur. Eyni zamanda, mənəvi baxımdan da ciddi problemdir. Bu da bir mənəvi terror vasitəsidir. Sadəcə, burada biznes maraqları hər şeyin önündə durur. Yəni, kimlərsə, 5-10 manat artıq pul qazanmaq üçün xalqımızın genofonduna çox ağır bir zərbə vururlar. Bunu təbliğ edirlər, təşviq edirlər, şərait yaradırlar, pulsuz təklif edirlər və gəncləri, hətta yeniyetmə qızları belə yaşına baxmadan belə obyektlərə buraxıb məhv edirlər. O baxımdan bunu hər iki istiqamətdə çox ciddi ağır bir cinayət faktı saymaq olar. Yaxşı olar ki, müvafiq orqanlar, hüquq-mühafizə orqanları belə obyektləri çox sərt cəzalandırsınlar, qadağaları artırsınlar, cərimələri artırsınlar. Mediada davamlı şəkildə bu məsələlər işıqlandırılmalıdır, həyəcan təbili çalınmalıdır ki, bizim açıq-aşkar milli genofondumuza qarşı belə bir təcavüzün, belə bir terrorun qarşısı alınsın. Həddən artıq təhlükəli bir tendensiyadır və mütləq şəkildə bu cür hallara son qoyulmalıdır”.

Müəllif: Zeynəb Cəfərli