Sosial

“Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir”


Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə isə IV Monitorinq mərhələlərindən uğurla keçərək uyğunluq hesabatları əldə edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qiymətləndirmə prosesləri çərçivəsində milli qanunvericiliyin beynəlxalq standartlara inteqrasiyası, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm dəyişikliklər həyata keçirilib.

Uğurlu tərəfdaşlığın davamı olaraq, Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkənin İstanbul Fəaliyyət Planının icrası çərçivəsində və 2022-2026-cı illəri əhatə edən V raund dəyərləndirmə prosesi əsasında, ölkəmizdə anti-korrupsiya sahəsində həyata keçirilmiş tədbirlərə müvafiq nəzarət prosedurunun icrası məqsədilə Şəbəkənin ekspertlərindən ibarət nümayəndə heyəti martın 17-dən 19-dək Bakı şəhərinə səfər ediblər.

Nümayəndə heyətini qəbul edən OECD-nin monitorinq mexanizmi üzrə Milli Koordinator – Baş Prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb. Həmçinin hazırkı qiymətləndirmə prosesinin hüquqi bazanın təkmilləşdirilməsində mühüm rol oynadığını qeyd edib.

Bundan sonra təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin meneceri və Ekspertlər Qrupunun rəhbəri xanım Olqa Savran və digər ekpertlər dəyərləndirmə missiyasının yüksək səviyyədə təşkil edildiyini bildirərək, Azərbaycanla təşkilat arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bütövlükdə Azərbaycanın qurumun fəaliyyətinə mühüm töhfələr verməsini vurğulayıb, yaradılmış işgüzar şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildiriblər. Qonaqlar səmərəli müzakirələr nəticəsində əldə edilmiş məlumatlar əsasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində müşahidə edilən müsbət tendensiyalardan bəhs edib, OECD tövsiyələrinin icra vəziyyətindən danışıblar.

Səfər zamanı ekspertlər korrupsiyaya qarşı mübarizə siyasəti, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, dövlət satınalmaları və biznes sektorunda şəffaflığın və dürüstlük standartlarının tətbiqi, məhkəmə və prokurorluğun müstəqilliyi, korrupsiya cinayətlərinin ibtidai araşdırması, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası kimi bir çox sahələrdə görülmüş işlərlə yaxından tanış olublar.

Müzakirələrdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş Prokurorluğun müxtəlif struktur bölmələri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Milli Məclis, Nazirlər Kabineti, Məhkəmə-Hüquq Şurası, Ədliyyə, İqtisadiyyat və Maliyyə Nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti daxil olmaqla, 20-dən çox dövlət qurumunun nümayəndələri, məhkəmə hakimləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, eləcə də dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin nümayəndələri iştirak edərək, ekspertlərin suallarını cavablandırıblar.

Səfər çərçivəsində toplanmış məlumatlar əsasında yekun ölkə hesabatının hazırlanaraq cari ilin iyul ayında keçiriləcək müzakirələrdə qəbul edilməsi nəzərdə tutulur.