“Telefon danışığı uzun olsa da məzmunlu deyildi”
“Dünən Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı oldu. Bu danışıq 2 saat 28 dəqiqə 30 saniyə çəkdi. Burada əsas atəşkəsə nail olmaq məsələsi irəli sürüldü. Ancaq enerji sektorunun vurulmasının dayandırılması, həmçinin hər tərəfdən 175 əsir dəyişdirilməsi ilə bağlı qərar qəbul olundu. Müharibənin dayandırılması və atəşkəsin əldə edilməsi üçün Vladimir Putin daha ağır şərtlər irəli sürdü. Hesab edirəm ki, bu şərtlər Ukrayna tərəfindən qəbul edilməzdir. Çünki Vladimir Putin bildirdi ki, Ukraynaya hərbi yardımlar dayandırılsın, kəşfiyyat məlumatları verilməsin və Ukraynada hərbi səfərbərlik dayandırılsın. Yəni dedikləri Ukraynanın tərk-silah edilməsi anlamına gəlir. Bunu da Ukrayna tərəfi qəbul edə bilməz. Ancaq razılaşma o oldu ki, enerji sektoruna raket zərbələri dayandırılsın. Buna həm Vladimir Putin, həm də Ukrayna razı oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Rusiyanın irəli sürdüyü şərtlər qəbuledilməz şərtlərdir: “Baxmayaraq ki, Donald Tramp Volodimir Zelenskini razı salmışdı ki, o müəyyən güzəştlərə getməyə hazır olsun. Donald Trampın təsiri nəticəsində Volodimir Zelenski buna razılıq versə də, Vladimir Putin Rusiyanın mövqelərini daha da gücləndirmək istəyir. Eyni zamanda Donald Tramp həm də Kurskda döyüşən ukraynalılara qarşı ciddi tədbirlərin görülməməsi və onların məhv edilməməsi üçün Vladimir Putindən xahiş edib. Vladimir Putin isə bildirib ki, həmin şəxslər Rusiya ordusuna əsir düşsünlər, biz də onları sağ-salamat öz ölkələrinə geri verə bilərik. Hesab edirəm ki, bu şərtlərlə müharibənin dayandırılması çətindir. Düzgün olmaz, əksinə Qərb dairələri, o cümlədən, Böyük Britaniya, Fransa, Almaniya Ukraynanın həm hərbi, həm iqtisadi, həm də siyasi cəhətdən daha güclü olmasını istəyir. Bunun üçündə Ukraynaya yardımlar edilir. Bir sıra ölkələr 12 mlrd euro həcmində kömək etmək üçün fikirlərini bildirdilər. Avropa Birliyi isə Ukraynaya 40 mlrd euro yardım ayrılması haqqında qərar qəbul edir. Yəni Ukraynanın sülh müqaviləsinə güclü tərəf kimi getməsini istəyirlər. Əgər Vladimir Putinin dediyi kimi olarsa, o zaman Ukrayna tamamilə məğlub olur. Rusiya öz şərtlərini diqtə edir, bunu isə Ukrayna qəbul edir. Hesab edirəm ki, dünən beynəlxalq ictimaiyyətin gözlədiyi telefon danışığı uzun olsa da çoxda məzmunlu deyildi”.