Siyasət

“USAİD fəaliyyətini ABŞ kəşfiyyat orqanları ilə kordinasiyalı şəkildə həyata keçirib”


“USAİD-in, “Amerikanın səsi”, “Azadlıq” radiolarının fəaliyyətinin dayandırılması hesab edirəm ki, dünyadakı bütün milli dövlətlər üçün çox yaxşı bir hadisədir. USAID 1960-cı illərdən başlayaraq ABŞ-nin mərkəzi kəşfiyyat idarəsinin bir qolu kimi fəaliyyət göstərib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, dəfələrlə qurumun rəhbərləri də açıq etiraf ediblər ki, USAİD fəaliyyətini ABŞ kəşfiyyat orqanları ilə kordinasiyalı şəkildə həyata keçirib: “Bu fəaliyyət ayrı-ayrı ölkələrdə etiraz kütlələri formalaşdırmaq, siyasi hakimiyyətə bununla da təzyiq göstərmək və rəngli inqilabların təşkil edilməsindən ibarət idi. Diqqət etsək görərik ki, post-Sovet ölkələrində demək olar ki, bütün qeyri-hökumət təşkilatları vaxtı ilə USAİD tərəfindən nəzarət altına alınmağa çalışırdı və bu istiqamət üzərindən fəaliyyət göstərməyə cəhd edirdilər. Cəmiyyətin demokratikləşməsi, vətəndaş quruculuğu adı altında çox təhlükəli fəaliyyət həyata keçirirdilər. Bu da onun üçün idi ki, ayrı-ayrı ölkələrdə ABŞ-a royal olan siyasi rejimlər formalaşdırılsın. Yəni gələcəkdə ABŞ-nin və bir sıra Qərb ölkələrinin diqtəsi ilə fəaliyyət göstərəcək siyasi rejimlər formalaşdırılsın. Sözsüz ki, belə olan halda rejimlər dövlətin, xalqın inkişafı, milli maraqların qorunması haqqında düşünmürlər və nəticədə xalqa, dövlətə onun inkişafına çox böyük zərbələr dəyirdi. Bu baxımdan USAİD-in fəaliyyəti olduqca dağıdıcı və milli dövlətlər üçün çox təhlükəli bir fəaliyyət idi. Həqiqətəndə dəfələrlə Azərbaycana qarşı bu qurum tərəfindən hər zaman qərəzli kampaniya aparılıb. Bizim ölkəmizin imicinin korlanması istiqamətində addımlar atılıb. Xüsusilə də Azərbaycan xalqı, dövləti üçün həyati vacib tarixi mərhələlərdə USAİD-in ölkəmizə qarşı aşkar düşmənçi, qərəzli yanaşmasını hər zaman müşahidə etmişik. Eləcə də “Amerikanın Səsi”, “Azadlıq radiosu” kimi qurumların da təchizatları ölkəmizdəki reallıqları təhrif etməklə məşqul olub, ölkəmizə qarşı qarayaxma kampaniyalarını həyata keçiriblər. Biz bunu daim müşahidə etmişik. Hansı ölkələrdəki Qərbin təsir imkanları yox idi və ya zəif idi, sözü gedən qurumlar həmin ölkələrə qarşı sözün əsl mənasında səlib yürüyüşünü həyata keçirirdi. Bir sözlə, bu qurumlar həm də, müasir neo-kalayizmin carçıları kimi də nəzərdən keçirilə bilər. Yəni onlar başqa formada nəzarət mexanizmi formalaşdırırdılar. Bunun özü də həmin ölkələr üzərində bir təsir elementləri yaradırdı və həmin ölkələr yönləndirilirdi”.