Vətən müharibəsi şəhidi Əli Məmmədzadənin ailəsi ziyarət olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri şəhid Əli Məmmədzadənin ailəsini ziyarət edib. SİA xəbər verir ki, görüş zamanı şəhidin vətənpərvərliyindən və göstərdiyi igidliklərdən bəhs olunub. Nazirlik tərəfindən onun ailəsi mənzillə təmin edilib, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Görüşdə bütün şəhidlərimiz kimi, Əli Məmmədzadənin də xatirəsinin daim əziz tutulacağı vurğulanıb. Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
Könüllü olaraq Vətən müharibəsində iştirak edən Əli Məmmədzadə 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.