“XII Qlobal Forum mesaj xarakteri daşıyırdı”
“Bakıda artıq XII Qlobal Forum keçirildi və bu forumun adıda çox maraqlı, eyni zamanda beynəlxalq ictimaiyyətə, yeni dünya düzənini formalaşdıran qüvvələrə mesaj xarakteri daşıyırdı. Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi kimi mesajlar ötürürdü. Əslində Azərbaycan yürütdüyü siyasətlə beynəlxalq ictimaiyyətə, dünyaya, bəşəriyyətə və insanlığa həmişə töhvə verməkdən yana olub. Azərbaycan pandemiya dönəmində atdığı addımlarla dünya üçün bir nümunə ortaya qoydu. Vaksin millətçiliyi, pandemiya ilə mübarizə çərçivəsində atılan addımlar, 80-dən artıq dövlətə yardımların edilməsi və bir sıra təşəbbüslərin ortaya qoyulması yürütdüyü siyasətin mahiyyətindən xəbər verirdi”. Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bundan başqa biz Qoşulmama Təşkilatına rəhblərlik etdiyimiz 4 il müddətində, həmçinin ondan sonra da Bakı Təşəbbüs Qrupu vasitəsilə dünyada bəşəriyyət, insanlıq üçün, dünyanın bir çox dövlətləri üçün, Qlobal Cənub, bununla yanaşı inkişaf etməkdə olan yaxud zəif ölkələr üçün ciddi problemə çevrilən müstəmləkə siyasəti ilə mübarizəyə qalxmaqda Azərbaycanın atdığı addımlar danılmazdır: “Eyni zamanda Azərbaycan bundan başqa öz ərazisində dəfələrlə ayrı-ayrı beynəlxalq nüfuzlu tədbirlərə ev sahibliyi edib. 2015-ci ildə Avropa Oyunlarına, İslam Oyunlarına ev sahibliyi etmişik. Həmçinin dəfələrlə mədəni tədbirlərə ev sahibliyi etmişik. Eyni zamanda dünya səviyyəsində COP29 kimi nüfuzlu iqlim tədbirinin keçirilməsi və digər sahələrə aid önəmli tədbirlərin keçirilməsi artıq Azərbaycanın ənənəvi olaraq dünyada ayrı-ayrı mötəbər tədbirlərin ev sahibinə çevrilməsini reallaşdırıb. Biz Bakı Qlobal Forumunu da bu gün keçirmirik. Qeyd edirik ki, bu XII Qlobal Forumdur.
2013-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Prezidentin himayəsi ilə keçirilən artıq XII tədbirdir. Bu tədbir dövri olaraq keçirilir. Sadəcə 2020-ci ildə pandemiya səbəbindən keçirilməyib. Bundan başqa hər il bu tədbir dövri olaraq keçirilir”.
Xəyal Bəşirov qeyd edib ki, bu tədbirin məzmununa və orada müzakirə edilən məsələlərin mahiyyətinə, həmin tədbirdə iştirak edən şəxslərin dairəsinə nəzər yetirəndə ayrı-ayrı dövlət, hökümətlərin başçıları, daha sonra əvvəlki dövlət, hökümət başçıları ilə birgə 13-15 mart tarixində keçirilmiş forumda 400-ə yaxın şəxs iştirak edirdi: “Burada qeyd etdiyimiz kimi, adı “Dünya düzəninin yenidən düşünülməsi: fürsətlərin çağırışa çevrilməsi” olsa da, ayrı-ayrı panellər mövcud idi. Bu panellər isə ayrı-ayrı mövzulara həsr olunmuşdu. Mövzulara Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən problemlər, iqlim və enerji məsələləri və bir sıra digər məsələlər aid idi. Azərbaycan Prezidenti də bu fürsətdən istifadə edib beynəlxalq arenada bu məsələlərə aid öz mövqeyini bildirdi”.