Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edir?
Böyük Britaniyanın Maliyyə Nazirliyinin martın 19-da verdiyi məlumata görə, Böyük Britaniya rusiyalı iş adamı və qaz hasilatı Northgas şirkətinin keçmiş həmsədri Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarıb. SİA xəbər verir ki, Böyük Britaniya Əhmədova qarşı sanksiyaları 2022-ci ilin aprelində tətbiq edib. Daha sonra ölkə hakimiyyət orqanları milyarderin hakimiyyət üçün “strateji əhəmiyyətli” sektorda bizneslə məşğul olduğu üçün Rusiya hökumətini dəstəklədiyini bildirib. İş adamının aktivləri dondurulub.
Əhmədova qarşı Aİ sanksiyaları da tətbiq edilib, lakin onlar 2023-cü ilin sentyabrında ləğv edilib. 2024-cü ildə milyarder Lüksemburqda Aİ Şurasına qarşı məhkəmədə qalib gəlib. Aİ-nin Ədalət Məhkəməsi Aİ Şurasının Əhmədovun Rusiya təcavüzünü maliyyələşdirən sektorlarda “nüfuzlu iş adamı” olmasına dair kifayət qədər sübut təqdim etmədiyini bəyan edərək iş adamına qarşı sanksiyaları ləğv edib.
Əhmədovun Rusiya Federasiyası və Azərbaycan vətəndaşlığı var. O, qaz hasilatı Northgas şirkətinin keçmiş ortaq sahibidir və Forbes jurnalının Rusiyanın ən varlı iş adamları reytinqində 82-ci yerdədir. Onun sərvəti 2024-cü ildə 1,6 milyard dollar olub.
Əhmədovun adı 2023-cü ilin martında onunla rusiyalı musiqi prodüseri İosif Priqojin arasında olduğu iddia edilən söhbətin audio yazısının dərcindən sonra geniş diqqət çəkib. Səs yazısında həmsöhbətlər Rusiyanın Ukraynaya təcavüzü, prezident Vladimir Putin və onun ətrafı haqqında tənqidi fikirlər səsləndiriblər. Əhmədov səs yazısında bunları deyib: “Ölkəni başdan-başa zibil gününə salıblar. Sual olunur ki, onlardan sonra nə olacaq? Bir tərəfdə “Kadırovçular”, “Priqojinçilər”, digər bir tərəfdə xəncər və çəkic yelləyən başıpozuq qruplar olacaq”.
Xatırladaq ki, martın 13-də məlum olmuşdu ki, ABŞ administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına məhdudiyyətləri artırıb və Rusiyanın Amerika ödəniş sistemlərinə çıxışını məhdudlaşdırmaqda davam edir.
ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazır olduğunu bir daha bəyan edib