Naxçıvanda monitorinq və əlaqələndirmə qrupu yaradılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, qərara əsasən, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 2025-ci il 18 mart tarixli əmri ilə komitədə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb.
Martın 19-da keçirilən ilk iclasda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun möhkəmləndirilməsi və dayanıqlı ailə modelinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icrası çərçivəsində bir sıra hüquqi-normativ sənədlər qəbul olunub və müvafiq qurumlara tapşırıqlar verilib.
Komitə sədri məişət zorakılığı halları ilə bağlı vahid məlumat bankının yaradılmasının komitəyə həvalə edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, monitorinq və əlaqələndirmə qrupunun əsas vəzifələri məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
İclasda monitorinq və əlaqələndirmə qrupunun rəhbəri, Komitə sədrinin müavini Aytən Məmmədova və digər üzvlər çıxış ediblər.