Dünya

Qazaxıstanda yüzlərlə silah aşkar edilib


Qazaxıstanın Daxili İşlər Nazirliyi yanvar hadisələri zamanı oğurlanmış silahlar da daxil olmaqla, qanunsuz dövriyyədə olan silahların aşkarlanması və müsadirə edilməsini davam etdirir. SİA Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Qazaxıstan Respublikası DİN-in Kriminal Polis Departamentinin rəisi Kanat Nurmaqambetovun sözlərinə görə, ilin əvvəlindən etibarən polis 664 ədəd müxtəlif silah, 54 qumbara və təxminən 8 min sursat müsadirə edib.

“Son üç il ərzində 8 541 ədəd müxtəlif silah, 870 qumbara və 118 246 sursat aşkar edilərək müsadirə edilib. Bundan əlavə, ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyat tədbirləri nəticəsində 2 316 ədəd silahın saxlandığı 772 gizli anbar aşkarlanıb. Hazırda yanvar hadisələri zamanı oğurlanmış 1 263 ədəd silahın mənşəyi dəqiq müəyyən edilib. Digər 7 278 ədəd silahın isə cinayətkarlar tərəfindən qəsdən məhv edildiyi və üzərindəki qeydiyyat nömrələrinin silindiyi üzə çıxıb. Buna görə də həmin silahların identifikasiyası üçün müvafiq ekspertizalar təyin edilib,” – deyə o, bildirib.