ADB-nin ötən il Azərbaycana birbaşa investisiyaları 21 milyon dolları ötüb
Ötən il Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda həyata keçirilən layihələrə birbaşa 21,436 milyon ABŞ dolları sərmayə qoyub. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ölkəyə yatırılan birbaşa xarici investisiyaların ümumi həcmində ADB-nin payı 0,3 % təşkil edir.
Bu vəsait 230 MVt gücündə olacaq “Qaradağ” günəş elektrik stansiyasının tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinə ayrılıb. Bu elektrik stansiyasının sayəsində 110 min ev təsərrüfatının elektrik enerjisi ilə təmin ediləcəyi və CO2 emissiyasının ildə 200 min ton azaldılacağı gözlənilir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb. Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı, maliyyə və s. sektorlara da dəstək verib.
Qeyd edək ki, hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Bu sənəd gələcək investisiyalar və təşəbbüslər üçün əsas istinad nöqtəsi olacaq. Strategiya “yaşıl infrastruktur”un maliyyələşdirilməsi, su resurslarını idarə edilməsi, ərzaq təhlükəsizliyi, ixracın diversifikasiyası və “yaşıl bacarıq”ların inkişafı kimi sahələri əhatə edəcək.
Bankla əvvəlki strategiya 2019-2023-cü illər üçün nəzərdə tutulmuşdu.
1966-cı ildə yaradılmış ADB-in qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Onun 69üzvü var, onlardan 49-u region ölkələridir.