İqtisadiyyat

IFC 2024-cü ildə Azərbaycana yatırılan investisiyaların həcmini açıqlayıb


Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 2024-cü ildə Azərbaycanda reallaşdırılan layihələrə 17,83 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu, ölkəyə qoyulan ümumi birbaşa xarici investisiyaların 0,3 %-ni təşkil edib.

Hazırda IFC Azərbaycanda “Access Bank” və “Bank Respublika”ın kapitalında iştirak etmək də daxil olmaqla, ümumi dəyəri 47 milyon ABŞ dolları olan 7 layihəni həyata keçirir.

Qeyd edək ki, IFC növbəti beş ildə Azərbaycana maliyyə dəstəyinin həcmini 200-500 milyonABŞ dolları diapazonunda artırmağı planlaşdırır.

Xatırladaq ki, son 30 ildə IFC 60-dan çox layihə vasitəsilə Azərbaycana 800 milyon ABŞ dollarından çox sərmayə qoyub. IFC-nin kapitalında ölkənin payı 0,12 % (28 852 səhm) təşkil edir ki, hökumət bu səhmlərə görə 21,516 milyon ABŞ dolları ödəyib.

Onu da əlavə edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik 5,83 % artım) təşkil edib.