SOCAR Türkiyədə SAF yanacağı istehsalı və investisiya imkanlarını müzakirə edib
“SOCAR Türkiye” şirkəti İstanbul Ticarət Palatası və Türk Hava Yolları (THY) ilə SAF (dayanıqlı aviasiya yanacağı) texnologiyası və istehsalı, eləcə də yeni investisiya imkanlarını müzakirə edib. SİA bu barədə “SOCAR Türkiye”yə istinadən xəbər verir.
Məlumata görə, “SOCAR Türkiye” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbul Ticarət Palatasının prezidenti Şekib Avdagiç ilə görüşüb. Görüşdə THY-nin baş direktor müavini Levent Konukçu da iştirak edib.
Hazırda “SOCAR Türkiye Enerji” STAR neft emalı zavodunda SAF yanacağının istehsalı imkanlarını araşdırır. Layihə texniki qiymətləndirmə mərhələsindədir.
SAF (Sustainable Aviation Fuel) Jet-A1 aviasiya yanacağının ekoloji təmiz versiyasıdır. Adi aviasiya yanacağından fərqli olaraq, SAF karbon emissiyalarını 80 % azaldır. ABŞ 2050-ci ilə qədər aviasiyada SAF-dan 50 % istifadəyə keçməyi planlaşdırır. Avropa İttifaqı 2025-ci ildən SAF-dan 2 % istifadəni məcburi edəcək və bu göstəricini 2030-cu ildə 5 %-ə, 2050-ci ilə qədər isə 63 %-ə çatdırmağı hədəfləyir.
Xatırladaq ki, 2006-cı ilin sonlarında təsis edilən “SOCAR Türkiye”, Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahələrində fəaliyyət göstərir. Şirkət “Petkim Petrokimya Holding”in 51 %-lik səhmlərinə nəzarət edir, STAR neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükü ilə məşğuldur.