Həmkarlar İttifaqları Tramp administrasiyasını məhkəməyə verib
Müəllimlərin və hüquq müdafiəçilərinin həmkarlar ittifaqları, o cümlədən Rəngli İnsanların İrəliləyişinə Yardım üzrə Milli Assosiasiya (NAACP) ABŞ Prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
İddia D.Trampın ölkənin Təhsil Nazirliyini ləğv etmək planları ilə bağlıdır. Tramp bu barədə fərmanı martın 20-də imzalayıb. Layihəyə əsasən, qurumun səlahiyyətləri ştatların idarəçiliyinə veriləcək.
İddia Merilendin Federal dairə məhkəməsinə təqdim edilib. Orada qeyd olunub ki, Konqres departamentə təhsilin imkanlarını və keyfiyyətini artırmağı tapşırıb.
“Konqresin Nazirliyə verdiyi aydın göstərişlərə baxmayaraq, Tramp administrasiyası bu həyati vacib qurumu bağlamaq niyyətini dəfələrlə ən aydın şəkildə bəyan edib”, – “Reuters” həmkarlar ittifaqlarının bəyanatını sitat gətirib.
Onların fikrincə, Prezidentin Təhsil Nazirliyini bağlamaq addımı “konstitusiyaya ziddir və Konqresin direktivlərini pozur”.
Təhsil Nazirliyinin ləğvi haqqında qərarı D.Tramp dövlət xərclərinin azaldılması proqramı çərçivəsində qəbul edib. Bu, onun nazirlik səviyyəsində qurumu bağlamaq üçün ilk cəhdidir.