Dünya

Ötən il BMT-nin 101 əməkdaşı həbs edilib


Ötən il BMT-nin dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 101 əməkdaşı həbs edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında bildirib.

O, BMT əməkdaşlarının tez-tez böyük risk altında olduğunu, oğurluq, zorakılıq, təqib, həbs və daha çox təhlükə ilə üzləşdiklərini deyərək hökumətləri onların təhlükəsizliyini təmin etməyə və onlara qarşı törədilmiş cinayətlərə görə ədaləti təmin etməyə çağırıb. Həmçinin bütün dövlətləri BMT əməkdaşlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməyə səsləyib.

“Biz bəşəriyyətə xidmət edənləri birlikdə qorumalı və hər kəs üçün daha yaxşı və təhlükəsiz bir dünya qurmalıyıq”, – deyə, Quterreş vurğulayıb.

BMT Baş Assambleyasının sədri Filemon Yanq isə Yəməndə 23 BMT əməkdaşı və bir çox digər humanitar işçilərin saxlanıldığını, bəzilərinin isə üç ildən artıqdır ki, həbsdə olduğunu bildirib: “Ümumdünya Ərzaq Proqramının (WFP) bir əməkdaşı həbsdə olarkən həyatını itirib. Saxlanılan əməkdaşlar öz həyatlarını uşaqların təhsilinə, milyonlarla insana tibbi və ərzaq yardımı göstərməyə, sülh və dialoqu təşviq etməyə həsr ediblər. Onlar qorunmalıdır. Mən saxlanılan bütün həmkarlarımızla tam həmrəylik içindəyəm”.

O, Yəməndə və dünyanın digər yerlərində saxlanılan bütün BMT əməkdaşlarının dərhal və şərtsiz azad olunmasını tələb edib.