“31 Mart tariximizin ən unudulmaz günlərindən biridir”
“31 Mart tariximizin ən unudulmaz günlərindən biridir. Həmin günün 1918-ci ilində erməni daşnakları, xalqımızın düşmənləri Azərbaycan xalqına misilsiz genosid cinayəti törədiblər. O, zaman bu bölgədə siyasi gərginlikdən, hakimiyyətsizlikdən və eyni zamanda qırmızı bolşevik hakimiyyətinin dəstəyindən istifadə edərək, xalqımıza qarşı bu cinayəti törədiblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, həmin dövrdə Demokratik Cümhuriyyətin apardığı və həyata keçirdiyi müəyyən tədbirlər nəticəsində baş vermiş cinayətə ilkin qiymət verilib. “Çox qiymətli geniş materiallar toplanıb və arxivləşdirilib. Hansı ki, bu materialların üstündən 100 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də erməni cinayətlərini sübut etmək üçün yetərli faktlardır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin xüsusi fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqrımı Günü kimi təsdiqlənib. Bu, artıq müstəqil Azərbaycanın özündə 31 mart soyqrımına, erməni cinayətlərinə hüquqi-siyasi qiyməti verilməsi prosesinin başlanğıcı oldu. 31 mart Azərbaycan Parlamenti tərəfindən, dövlətimiz tərəfindən soyqırımı kimi tanınıb və onun dünyada soyqırımı kimi tanınması yönümündə bir proses başladılıb. Amma təəssüf ki, indiyə qədər dünya miqyasında məhz erməni mafiyasının, erməni lobbisinin səyləri ilə Azərbaycan xalqına və Azərbaycan türklərinə törədilmiş bütün cinayət aktları kimi, bu aktın da hüquqi qiyməti və siyasi qiyməti lazımı səviyyədə verilməyib. Çox təəssüf ki, hələlik beynəlxalq miqyasda 31 martın azərbaycanlılara qarşı genosid kimi tanınmasına dair bir rəsmi sənəd yoxdur. Bəzi Azərbaycana qardaş olan ölkələr bu faktın bir cinayət hadisəsi olduğunu təsdiqləyiblər və qəbul ediblər. Amma həm 1990-cı illərdən bu yana, Xocalıda, Qarabağın digər ərazilərində xalqımıza qarşı törədilmiş cinayət aktlarına dünya miqyasında qısqanc münasibət göstərilir, qərəzli yanaşmalar edilir, eyni ilə həmin münasibəti 31 mart hadisələrinə də biz ədalətsiz dünyanın qurumları tərəfindən görməkdəyik. Amma bizim üçün vacib olan 31 marta dünya dairələrinin səs verib-verməməsi deyil, bizim üçün vacib olan odur ki, Azərbaycan xalqı əsl həqiqəti bilir, Azərbaycan xalqı martın 31-də törədilmiş milli genosidin hansı səbəblərdən və məqsədlərdən həyata keçirdiklərindən xəbərdardır. Bizim tariximizin xalqımız tərəfindən obyektiv şəkildə bilinməsi və dəyərləndirilməsi bizim üçün məsələnin vacib olan tərəfidir”.