Sosial

“Dəbdəbəli məzar daşları: Ehtiram, yoxsa göstəriş?”


“Müsəlman olan kişi və ya qadın dünyasını dəyişərsə, onu yumaq, kəfənləmək, cənazə namazı qılıb, dəfn etmək bütün müsəlmanların boynunda olan borcdur”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Qorxmaz Paşayev bildirib.

O bildirib ki, insanlar arasında bir nəfər bunu boynuna götürərsə, digərlərinin boynundan bu yük qalxır. İslam şəriətində buna “Vacib-Difai”deyirlər:

“Bütün bunlar İslam dininin vacib əməllərindən sayılır. Bu məsələlərdən başqa, digər görülən işlər isə adət-ənənələr hesab edilir. Bura ehsanların verilməsi, dəbdəbəli məzar daşlarının qoyulması və s. məsələlər aid edilir.

İslam dininin qaydalarına əsasən, dəbdəbəli məzar daşlarının qoyulması israfçılıq hesab edilir. Bu gün cəmiyyətimizdəki bəzi insanlar əfsuslar olsun ki, şan-şöhrətə qaçdığı kimi, axirət dünyasını bizə xatırladan qəbirstanlıqlarda da bu şan-şöhrət öz əksini tapır. Yəni hal-hazırda qəbirstanlıqda zəngin və yoxsul təbəqənin bilinməsi halları açıq-aydın görünür. Hətta bəzən yoxsul təbəqə nümayəndələri borca-xərcə düşərək məzar üzərini düzəltməyə çalışır. Əfsuslar olsun ki, camaatda bu düşüncə olduqca yanlışdır. Əsas məsələ məzarda dəbdəbəli şəraitin yaradılması yox, mərhum üçün duaların edilməsi, onun adından savab işlərin görülməsi olmalıdır.

Şəriətdə vəfat edən qadınların şəkillərinin məzar daşına vurulması məkruhdur, yəni bəyənilmir.

Ümumiyyətlə, hesab edirəm ki, cəmiyyətdə dəbdəbəli məzar daşlarına yox, sadə məzar daşlarına üstünlük verilməlidir”.

Eyni zamanda mövzu ilə bağlı Heydər məscidində dini ocağın imamı Rüfət Qarayev də öz münasibətini bildirib:

“ İslam dininin qaydalarına görə, dəbdəbəli məzar daşlarının qoyulması qəbul edilmir. Ümumiyyətlə, nəinki dəbdəbəli məzar daşının qoyulması, o cümlədən, sadə məzar daşlarının qoyulması məqbul sayılmır.

Dinimizdəki şəriət qaydalarına əsasən, məzar daşının qoyulması yerdən dörd barmaq hündürlüyündə balaca baş daşı qoyulması ilə yekunlaşmalıdır. Yəni məzar itib-getməlidir.

Amma hazırki dövrdə isə, məzar mərhumun yaxınları tərəfindən tanınsın deyə şəkil vurmadan, sadə baş daşı qoyula bilər.

Dinimizdə mərmərdən baş daşılarını, heykəlləri, büstləri hazır etmək məqbul sayılmır”.

Müəllif: Həmid Əhədli