Siyasət

“Həmin dövrdə 50 minə yaxın azərbaycanlı şəhid olub”


“Ermənilərin 1905-1907-ci il hadisələri ilə 1919-cu ilin mart ayının sonunda Bakıda, Şamaxıda, Gəncədə, Qubada törətdikləri soyqırımların, xüsusən Qarabağ ərazisində, ən çox da Bakı, Şamaxı, Quba istiqamətində törətdikləri soyqırımların miqyası çox böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bütünlükdə həmin dövrdə 50 minə yaxın azərbaycanlı şəhid olub: “Bu fəaliyyəti etməklə ermənilər azərbaycanlıları bütünlüklə bölgədən köçürməklə, Stepan Şaumyanın rəhbərliyi ilə erməni dövləti qurmağa çalışırdılar. O qətliamın qarşısı 1918-ci ilin mayın 28-də Xalq Cümhuriyyəti elan edildikdən sonra may ayında Gəncəyə gələn Nuru Paşanın rəhbərliyi ilə alındı, Qafqaz İslam ordusu yaradıldı. Gəncə, Yevlax, Göyçay, Şamaxı, Qobustan, Bakı istiqamətində əməliyyat həyata keçirildi. 15 sentyabrda Bakı azad edildi. Daha sonra Neftçala, Lənkəran, Dərbənd istiqaməti azad edildi. Soyqırımların qarşısı o zaman alındı.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 1998-ci ildə məlum bir fərman imzaladı. Bu fərmanla 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü elan edildi.

Ermənilər müxtəlif zamanlarda soyqırımı həyata keçiriblər. 1905-1907, 1918, 1920-ci illərdə Qarabağda, Göyçə, Zəngəzurda, 1948-1953-cü illərdə Azərbaycandan deportasiya olunan zaman Qərbi azərbaycanlılara qarşı terror hadisələri davam edib. 1988-ci ildən 1994-cü ilə qədər də işğal, soyqırım siyasəti Xocalıda, Kəlbəcərdə, Xocavəndin Qaradağlı kəndində, Qazaxın kəndində törədilmişdi”.