Hannoverdə beynəlxalq sənaye sərgisinin açılışı olub
Almaniyanın Hannover şəhərində dünyanın ən böyük sənaye sərgisi (Hannover Messe) açılıb. SİA “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, “Hannover Messe”də 4 mindən çox şirkət öz yeniliklərini təqdim edir. Sərgidə “Google” və “Microsoft” kimi beynəlxalq texnologiya nəhəngləri, eləcə də “Siemens”, “Bosch”, “Schaeffler” kimi alman şirkətləri iştirak edir. Eyni zamanda, 300-dən çox startap sənaye üçün həll yollarını sərgiləyir.
Builki sərginin əsas mövzusu süni intellektdir. Eyni zamanda, sənaye şirkətlərinin nümayəndələri bir neçə mühüm mövzuda, o cümlədən avtomobil sektorunun böhranından və ABŞ bazarından asılılıqdan azad olmaq üçün müzakirələr aparacaqlar.
Sərginin açılış mərasimində çıxış edən Kansler Olaf Şolts və “Siemens” şirkətinin baş icraçı direktoru Roland Buş ABŞ-ın gömrük siyasətinin Almaniya iqtisadiyyatına təsirlərindən söz açıblar. Olaf Şolts Almaniya və Avropa İttifaqının Donald Trampın tarif siyasətinə qarşı cavab imkanlarına malik olduğunu bildirib. O, Avropanın əsas məqsədinin yenə də əməkdaşlıq olduğunu qeyd edib.
“Siemens”in rəhbəri Roland Buş isə dünya iqtisadiyyatının dönüş nöqtəsində olduğunu, geosiyasi dəyişikliklər və müharibələrin, proteksionizm siyasətinin və gömrük tariflərinin tətbiqinin, ticarət maneələrinin, mürəkkəb tədarük zəncirlərinin zəifliyinin, texnoloji inqilabların qlobal iqtisadiyyatın əsaslarını dəyişdirdiyini vurğulayıb. Dünya iqtisadiyyatının mövcud modelinin köhnəldiyini qeyd edən şirkət rəhbəri bildirib ki, bəlkə də heç bir ölkə bundan Almaniya qədər təsirlənmir. O, bir neçə ildən sonra şirkətlər arasında süni intellekt texnologiyasını mənimsəyənlərlə onu görməməzlikdən gələnlər arasında böyük fərq yaranacağını diqqətə çatdırıb.