Sosial

Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib


Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Murad Telman oğlu Mirzəyevin doğum günü ilə əlaqədar Sabirabad rayonunun Şəhidlər xiyabanında abidəsi ziyarət olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, anım tədbirində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Nadir Quliyev çıxış edərək Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, döyüşlər zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ilin martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1991–1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Murad Mirzəyev ABŞ, Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edib. O, Amerikada “Ranger” kursunu bitirdikdən sonra Vətənə qayıdıb və Gəncə şəhərində “N” saylı hərbi hissələrin birində hərbi xidmətə başlayıb. Sonralar isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub. Xidmətə başlamasının 10-cu ilində Murad Mirzəyev “Qüsursuz xidmətə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)” yubiley medalları və “Qızıl Ulduz” medalı ilə təltif olunub. O, 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri–bərabər döyüşdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.