Soyqırım qurbanlarının xatirəsi Mil-Muğan bölgəsində ehtiramla anılıb
Mil-Muğan regionu üzrə rayonlarda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayonlarda soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələr ziyarət olunub, önlərinə gül dəstələri düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Eyni zamanda, İdarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində anım tədbirləri, mühazirələr və sənədli film nümayişləri keçirilib.
Tədbirlərdə çıxış edənlər 1918-ci ilin martında erməni daşnak-bolşevik silahlı dəstələrinin Bakıda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb, bu qanlı hadisələrin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.