Dünya

Tailandda paytaxtda göydələnin uçmasının səbəbləri araşdırılır


Tailandın korrupsiyaya qarşı mübarizə qrupu keçən həftə Banqkokda baş verən zəlzələ nəticəsində uçub dağılan və azı 11 nəfərin ölümünə səbəb olan göydələnin tikintisində pozuntular aşkar edib. SİA xəbər verir ki, bu barədə “Reuters” qrup rəhbərliyinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, xilasedicilər Tailand Milli Audit İdarəsinin tikintisi başa çatmamış 30 mərtəbəli göydələninin dağıntıları altında qaldığı ehtimal edilən 76 nəfərin axtarışlarını davam etdirirlər.

Göydələn Banqkokda martın 28-də Myanmanın mərkəzində baş verən 7,7 maqnitudalı zəlzələ zamanı tamamilə uçan yeganə bina olub.

Binanın tikintisinə 2020-ci ildə başlanılıb və işlər İtaliyanın “Thai Development PCL” şirkəti ilə Çinin dövlət müəssisəsi olan “China Railway Group”un yerli törəməsinin yaratdığı “China Railway Number 10 (Tailand) Ltd” müştərək şirkəti tərəfindən həyata keçirilib. İlkin plana görə, binanın 2026-cı ilə qədər başa çatdırılması nəzərdə tutulurdu, lakin son tarixlərdə dəyişliklik oldu.

Tailandın audit xidməti dağıntının səbəblərini araşdıracağını bildirib.

Ölkənin Baş naziri Petonqtan Şinavatra martın 29-da hökumət qurumlarına dağıntının səbəbləri ilə bağlı araşdırmanı bir həftə ərzində başa çatdırmağı tapşırıb.

Rəsmi araşdırmaya tikinti planının, istifadə olunan materialların keyfiyyətinin və tikinti prosesi zamanı mümkün təhlükəli fəaliyyətlərin yoxlanılması daxildir.

Çinin Tailanddakı səfiri Han Cintszyan Çinin istintaqla əməkdaşlıq edəcəyini açıqlayıb.

Tailandın sənaye naziri Akanat Promfan tikintidə keyfiyyətsiz polad avadanlıqdan istifadə oluna biləcəyindən narahatlığını ifadə edib.