Tbilisidə polisin avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb
Martın 28-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı Rusiya vətəndaşı Gürcüstan polisinə aid avtomobilini zədələyib. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs, Rusiya vətəndaşı 1995-ci il təvəllüdllü D.K. saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, mart 28-də Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.
Cinayət sübuta yetirilərsə, saxlanılan şəxs 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.