Dünya

ABŞ-ın yeni avtomobil tarifləri Britaniyaya da təsir edəcək


Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın aprelin 2-dən etibarən avtomobil və avtomobil hissələrinə tətbiq edəcəyi 25 faizlik yeni gömrük rüsumlarının ölkəyə təsir edəcəyini gözləyir. SİA “BBC”yə istinadla xəbər verir ki, Britaniya mallarının bu tariflərdən azad edilməsi üçün razılaşmanın vaxtında əldə olunmayacağı ehtimal edilir. Tramp, yeni tariflərin yalnız ABŞ ilə böyük ticarət balanssızlığı olan ölkələrə deyil, bütün ölkələrə şamil ediləcəyini bildirib.

Baş nazirin sözçüsü bildirib ki, hökumət başçısı tariflər mövzusunda hər zaman milli maraqları qoruyacağını açıq şəkildə ifadə edib və Prezident Trampın elanından əvvəl bütün mümkün hallara qarşı hazırlıqlar görülüb: “ABŞ-Böyük Britaniya iqtisadi rifah anlaşması üzrə konstruktiv müzakirələr aparırıq. Biz Britaniya xalqına iqtisadi rifah gətirəcək bir anlaşma bağlayacağıq və hər zaman milli maraqlara uyğun hərəkət edəcəyik”,- deyə sözçü bildirib.

O, tariflərin qarşısını almaq üçün çərşənbə gününə qədər bir anlaşmanın əldə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb, Böyük Britaniya və ABŞ arasındakı müzakirələrin davam edəcəyini bildirib.

Baş nazir əlavə edib ki, Böyük Britaniya hər hansı tariflərə sakit və praqmatik bir yanaşma ilə cavab verəcək, çünki ABŞ ilə ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil.