İqtisadiyyat

Ağdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq


Aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin təşkil edilməsi nəzərdə tutulur. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq, Müzakirələrdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır.

Aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi və digər mövzuların müzakirəsi gözlənilir. Sessiya çərçivəsində fermerlərin və sahibkarların sualları cavablandırılacaq, onlara mövcud və yeni maliyyə mexanizmləri barədə ətraflı məlumat veriləcək.

Panel müzakirələrdə aqrar sahədə fəaliyyət göstərən bütün sahibkarlar və maraqlı tərəflər iştirak edə bilərlər. “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin il ərzində bütün iqtisadi rayonlarda keçirilməsi planlaşdırılır.