“Hələ də o yadıma düşəndə gülürəm”
Bu gün Beynəlxalq Gülüş Günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırılır. Mövzu ilə əlaqədar olaraq SİA paytaxt sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Nazim Quliyev: “Mən hələki, çox güldüyüm bir hadisəni xatırlamıram. Hazırda fikirliyəm. Ona görə tam yadımda deyil. Amma hər kəsə gülməyi, sevincdən xoşbəxt olmağı arzu edirəm”.
Şəhər sakini Hüseyn Hüseynli: “Hər kəsin üzünün gülməsini arzu edirəm. Bu gün məni aldadan olmayıb. Nə də mən kimisə aldatmamışam. Özümdə çox gülən biri deyiləm. Lakin gülüş insanın ömrünü uzadır”.
Şəhər sakini Aynur Məmmədova: “Bu gün məni aldadan olmayıb. Çalışıram ki, aldanmayım. Xalqımıza hər zaman gülərüz, firəvan ömür arzulayıram. Daim bahar təravəti kimi işıqlı bir həyatları olsun. Düşünürəm ki, insan öz daxilindəki hüzura çatıbsa həmişə gülə bilər”.
Şəhər sakini Rauf Abbaslı: “Hər kəsə bol gülüşlü ömür arzu edirəm. Gülüşlərlə dolu xatirələrim çoxdur. Amma hamısını bir-bir yadımda saxlaya bilmirəm. 1 aprellə əlaqədar olaraq da aldadan olmayıb. Məndə heç kimi aldatmamışam”.
Şəhər sakini Əli Qasımlı: “Səhər durarkən valdeyimlərim bildirdi ki, başqa şəhərə köçürük. Mən də buna çox inanmışdım. Hətta çox pis oldum ki, başqa yerə köçəcəyik. Sonra bildirdilər ki, bu yalandır”.
Şəhər sakini Günay Vəliyeva: “Bu gün rəfiqəm məni aldatdı. Mən də çox inandım ki, dediyi şey həqiqətdir. Amma mən heç kimi aldatmamışam. Düşünürəm ki, bu yaxşı bir şey deyil”.
Şəhər sakini Qasım Mərdanlı: “Bu gün aldatma günüdür. Hamı bir-biri ilə zarafat edir. Bizdə işdə də hər kəs səhər bir-biri ilə zarafatlaşırdı. Düzdür, mən belə şeyləri xoşlamıram. Amma bu gün gülüş günüdür. Hər kəsə səmimi qəlbdən gülməyi arzu edirəm. Hələ ki, məni aldadan olmayıb”.
Şəhər sakini Samir Bəhramlı: “Bu gün çox xoş gündür. İnsanlar bir-birilərinin üzünü güldürməyə çalışırlar. Təbii ki, bunu yalan deyərək edirlər. Amma məncə xoş təsir bağışlayan bir hadisədir”
Şəhər sakini Aydan Quliyeva: “Rəfiqəm səhər saatlarında mənə yığaraq 50 manata borc istədi. Məndə ona hazır idim ki, pulu verim. Daha sonra dedi ki, zarafat edirəm. Ümumilikdə isə gülmək gözəldir. Arzu edirəm ki, hər kəsin həyatında xoş gülüşə səbəb olacaq hadisələr baş versin”.
Şəhər sakini Nadir Qafurlu: “İndiyənə kimi unutmadığım bir anım var. O da məktəb illərində dostumun mənə zəng edərək, hamiləyəm deməsi idi. Hələ də o yadıma düşəndə gülürəm”.