Tramp Britaniyanın Çaqos adaları ilə bağlı anlaşmasına razılıq verib
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adalarını Mavrikiyə təhvil vermək barədə razılaşmasına təsdiq verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi (“Downing Street”) məlumat verib.
Baş nazirin rəsmi sözçüsü keçirdiyi brifinqdə bildirib ki, Mavrikiyə verilməsi planlaşdırılan Çaqos adaları ilə bağlı razılaşmanın detalları Trampın razılığından sonra yekunlaşmaq üzrədir:
“Düşünürəm ki, proses davam edir. Biz Mavrikiyə hökuməti ilə bu razılaşmanın tamamlanması və müqavilənin imzalanması istiqamətində işləyirik”.
Sözçü həmçinin qeyd edib ki, müqavilənin Mavriki ilə imzalanmasından sonra yenidən ABŞ-ın təsdiqinə ehtiyac qalmayacaq. Bununla belə, danışıqların yekun mərhələsinin nə zaman başa çatacağı ilə bağlı konkret tarix verilməyib. O, əlavə edib ki, sənəd tam imzalandıqdan sonra Britaniya Parlamentinə təqdim olunacaq.
Qeyd edək ki, Çaqos adaları Hind okeanında yerləşir və strateji baxımdan əhəmiyyətli ərazidir. Hazırda adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasında ABŞ və Böyük Britaniyanın birgə hərbi bazası yerləşir.