Siyasət

Valideynlərini itirmiş şəxslərə birdəfəlik müavinət ödəniləcək


Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 (iki min altı yüz) manat müəyyən edilib.

Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.

Birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əməkhaqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əməkhaqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda, mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Qanuna dəyişiklik daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə edilib.

Xatırladaq ki, sözügedən dəyişiklik Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib.