Siyasət

Azərbaycan etibarlı enerji təchizatçısı və tərəfdaş kimi Avropa ölkələrində tanınır


Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Zəngin təbii resurslara, yaşıl enerji mənbələrinə, təbii qaza, neftə sahib olan Azərbaycan Avropa ölkələri üçün əvəzedilməz tərəfdaş ölkədir. Dövlətimiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropa ölkələrində mühüm rol oynayıb. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır. Cənub Qaz Dəhlizi bu gün Avropanın enerji təhlükəsizliyinə vacib rola malikdir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları fonunda Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində müstəsna yeri və rolu bir daha təsdiqlənib. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı, enerji strategiyası ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin ənənəvi, habelə bərpa olunan enerjinin ixracı sahəsində zəngin potensialının dünyaya təqdimatı, qarşıya qoyduğu hədəflərlə bağlı dolğun təsəvvürlərin formalaşdırılması baxımından diqqəti xüsusilə cəlb edir.

Dövlət başçısı iclasda haqlı olaraq bildirib ki, enerji müstəqilliyi hər bir ölkənin milli təhlükəsizliyinin vacib komponentidir: “Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin inkişafında və həyata keçirilməsində liderlik edib. Dövlətimizin başçısı dəfələrlə bu layihənin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu bildirib.

Yaşıl Enerji Məşvərət Şurasında regionda enerji səmərəliliyi və bərpa olunan enerji potensialının artırılması istiqamətində yeni səylər müzakirə edilib. Azərbaycan Respublikasının 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransına (COP29) ev sahibliyi etməsi və bu tədbirin əsas mandatları üzrə işləri uğurla yekunlaşdırması yüksək qiymətləndirilib.

Azərbaycan bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı etibarlı tərəfdaş kimi də böyük nüfuz sahibidir. Bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mahiyyətindən qaynaqlanan amillərdir.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri