Siyasət

“Azərbaycanın “İbrahim razılaşması”na qoşulacağı günə ümidliyik”


Azərbaycan, İsrail və ABŞ-ın faydalanacağı “İbrahim razılaşması”na Azərbaycanın qoşulacağı günün ən qısa zamanda gələcəyinə ümidliyik.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi, jurnalist Reyçel Avraham qlobal yəhudi mediasının nəhəngi, ABŞ-da yayımlanan “Jewish Press”də dərc olunmuş “Azərbaycanın geostrateji potensialı və İbrahim razılaşması” başlıqlı məqaləsində yazıb.

Yazıda razılaşmaya imza atan Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin maliyyə imkanlarına və İsrailin innovativ texnologiyalarına Azərbaycanın geosiyasi üstünlüklərinin əlavə olunmasının bölgədə sülhə və təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.

ABŞ və İsrailin bölgədə davamlı sülhün, sabitliyin bərqərar olmasına dair baxışlarına müxtəlif rakurslardan nəzər saldıqda Yaxın Şərqdə və onun hüdudlarından kənarda yerləşən müsəlman ölkələri arasında tam uyğun gələn ölkənin Azərbaycan olduğu bildirilib. İsraillə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın həyata keçirildiyini və Təl-Əvivdə ölkəmizin səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan müəllif yaranmış vəziyyətdə sualın “Azərbaycan “İbrahim razılaşması”na daxil edilməlidirmi?” şəklində deyil, “Niyə Azərbaycan hələ də “İbrahim razılaşma”sına daxil edilməyib?” formasında qoyulmasını məqsədəuyğun sayıb. İki ölkə arfasında müdafiə sahəsində əməkdaşlığın miqyasının dərin qarşılıqlı inamı və təhlükəsizlik maraqlarına ortaq öhdəliyi nümayiş etdirdiyi və bu mənada Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin yalnız İsrailin xeyrinə ola biləcəyi yazılıb.

İsrailin uzunmüddətli strateji tərəfdaşı olan Azərbaycanın sözügedən formatdan kənarda qalmasının məntiqə sığmadığına, ölkənin Rusiya və İran kimi regional güclərin kəsişməsində yerləşməsinin onun “İbrahim razılaşması” üçün geosiyasi dəyərini müəyyən etdiyinə diqqət çəkilib.

Məqaləni ətraflı şəkildə linkə keçid etməklə oxumaq mümkündür.