Siyasət

““Böyük Qayıdış” prosesi davam edir”


“Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində Böyük Köç prosesi davam edir”. Bunu SİA-ya Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra dövlətimiz bütün gücünü və enerjisini məhz torpaqlarımızın bərpasına, infrastruktur xətlərinin layihələrinin tez bir zamanda ərsəyə gəlməsinə və vətəndaşların geri dönüşünə sərf edib: “Bu gün artıq 12 min nəfərdən çox keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzur bölgəsində məskunlaşıb, geri dönüb. Ancaq ümumilikdə orada işləyən, fəaliyyət göstərən insanları nəzərə alsaq, bölgədə artıq çoxsaylı insan yaşayır və çalışır. Bu da bir daha təsdiq edir ki, “Böyük Qayıdış” prosesi davam edir və nəzərə alsaq ki, Azərbaycan dövləti bu işi təkbaşına, öz resursları hesabına həyata keçirir. Bu, olduqca təqdirəlayiq haldır ki, bu işlər dünya təcrübəsinə, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, bu proses bizdə olduqca intensiv şəkildə davam edir. Lakin qarşıda bizi təhdidlər, çağırışlar və risklər də mövcuddur. Bilirsiniz ki, mina terroru təhlükəsi hələ də var. Son aldığımız məlumata görə, Ağdamda və digər regionlarımızda hər gün demək olar ki, mina partlayışları, mina insidentləri baş verir. Artıq 2020-ci ildən bəri – son beş il ərzində 400 nəfərə yaxın Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Ancaq bütün bunlar bizi “Böyük Qayıdış” proqramına köklənməkdən və bu prosesə sadiqliyimizdən bir an belə çəkindirə bilməz. Təbii ki, bizim düşmənlərimiz – Ermənistanda heç vaxt istəmir ki, “Böyük Qayıdış” bu cür sürətlə və intensiv şəkildə həyata keçsin. Onlar məhz bu səbəbdən mina terrorunu və digər münaqişənin neqativ irsi və mirasını bölgədə qoyub gediblər ki, bizim vətəndaşlarımız çətinliklərlə qarşılaşsınlar. Ancaq bütün bu təhdidlərə, çağırışlara baxmayaraq biz geri dönürük, torpaqlarımız dirçəlir. Təkcə bu gün Qarabağın iki böyük şəhəri olan Şuşa və Xankəndidə gedən prosesləri izləyəndə adamın ürəyi açılır. Şuşada hər gün yeni açılan muzeylər, məktəblər, xəstəxanalar, keçirilən tədbirlər; Xankəndidə açılan tikiş fabriki, Qarabağ Universitetində 1000-dən çox tələbənin təhsil alması; daha sonra Laçın şəhərinin – məsələn, Avropanın, dünyanın ən füsunkar, əsrarəngiz şəhərlərindən birinə çevrilməsi, təbiətin gözəlliyi ilə dövlətimizin bərpa işləri nəticəsində qazandığı gözəlliklər – bütün bunlar göz oxşayır”.

Gəncəliyev vurğulayıb ki, digər regionlar da bu şəkildə inkişaf edir, qurulur, bərpa olunur: “Təkcə insanların evləri deyil, xəstəxanalar, binalar, tikiş fabrikləri, müəssisələr və digər məşğulluq yerləri açılır. Bütün bunlar, təbii ki, ölkəmizin gücünün göstəricisidir. Bu gün demək olar ki, Azərbaycan bu işlərlə dünya təcrübəsində və siyasətində nümunə yaradır. Mən ümidvaram ki, Azərbaycan təcrübəsini müxtəlif regionlarda, fərqli xalqlar öyrənəcək və bu nümunəni öz təcrübələrinə, öz həyatlarına tətbiq edəcəklər. Çünki həqiqətən də, son dünya tarixində belə uğurlu bir inkişaf tarixi demək olar ki, olmamışdır. Biz həm 44 günə torpaqlarımızı işğaldan azad etdik, həm də son beş il ərzində möhtəşəm işlər görülüb. Bunu qeyd etmək, bunu görmək, öyrənmək üçün hələ tarix çox müvəffəqiyyətli şəkildə bu məsələləri qeyd edəcək”.